“Tibbi sığorta müqaviləsinin forması və bağlanma Qaydası”nın təsdiq edilməsi barədə 2001-ci il 6 mart tarixli 58 nömrəli Qərarı

Tibbi sığorta müqaviləsinin forması və bağlanma Qaydasının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Tibbi sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Tibbi sığorta müqaviləsinin forması və bağlanma Qaydası" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 6 mart 2001-ci il

     № 58

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2001-ci il 6 mart tarixli 58 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

 

Tibbi sığorta müqaviləsinin forması və bağlanma

 

QAYDASI[1]

 

1. "Tibbi sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar tibbi sığortanı həyata keçirmək üçün onun subyektləri arasında müqavilə bağlanması bu Qayda ilə müəyyən edilir.

2. Tibbi sığorta müqaviləsi - qanunvericiliklə müəyyən olunmuş qaydada sığortalı tibbi sığorta təşkilatları arasında bağlanan və sığorta olunana tibbi sığorta proqramına uyğun olaraq göstərilən tibbi yardımın müəyyənləşdirilməsinin və təşkilini müəyyən edən, sığorta orqanının digər mənafelərini müdafiə edən yazılı sazişdir (Tibbi sığorta müqaviləsinin forması əlavə olunur).

3. İcbari tibbi sığorta müqaviləsi bir il, könüllü tibbi sığorta müqaviləsi isə tərəflərin razılığı ilə müəyyənləşdirilmiş müddətə bağlanır.

4. Sığorta müqaviləsinin bağlanmasını təsdiq edən sənəd - sığorta olunanlara tibbi sığorta təşkilatı tərəfindən verilmiş və imza edilmiş qanunvericiliklə müəyyən olunmuş formalı tibbi sığorta şəhadətnaməsidir.

5. Müqavilənin bağlanması üçün sığortalı müvafiq tibbi sığorta təşkilatına ərizə ilə müraciət etməlidir. Tibbi sığorta təşkilatı icbari tibbi sığorta üzrə müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan sığortalıyla icbari tibbi sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz.[2]

Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

hüquqi şəxslər üçün - hüquqi şəxsin adı, hüquqi ünvanı, onun bank rekvizitləri və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);

fiziki şəxslər üçün - sığortalının ünvanı, soyadı, adı, atasının adı, telefonu, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün isə həmçinin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);

soyadı, adı, atasının adı, doğulduğu yer, cinsi, daimi yaşayış yeri, iş yeri və icra edilən işin xüsusiyyəti göstərilməklə sığorta olunan vətəndaşların siyahısı;

sığorta haqqının məbləğini müəyyən etmək üçün əhəmiyyətli olan başqa məlumatlar (sağlamlıq göstəriciləri haqqında və s.);

könüllü tibbi sığorta müqaviləsi üçün əlavə olaraq sığorta tibbi xidmətlərinin siyahısı və sığorta təminatının şərtləri.

6. Tibbi sığorta təşkilatı sığortalıyla könüllü tibbi sığorta müqaviləsi bağlamağın mümkün olması barədə beş iş günü ərzində qərar qəbul edir və bu barədə sığortalının ərizəsində müvafiq qeyd aparır.[3]

7. Tibbi sığorta müqaviləsi sığorta haqqı ödənildiyi andan qüvvəyə minmiş hesab edilir və bu andan tibbi sığorta təşkilatı tərəfindən hər bir sığorta olunmuş şəxsə sığorta şəhadətnaməsi verilir.

8. Sığorta müqaviləsi bağlanıldıqda, sığortalı sığorta hadisəsinin baş verməsi ehtimalını və həmin hadisənin (sığorta riskinin) baş verməsindən dəyən mümkün ziyanların məbləğini müəyyən etmək üçün mühüm əhəmiyyəti olan şərait barədə (əgər bu şəraitlər sığortaçıya məlum deyildirsə və məlum ola bilməzsə) tibbi sığorta təşkilatına məlumat verməyə borcludur.

Bu zaman elə şəraitlər mühüm sayıla bilər ki, onlar tibbi sığorta təşkilatının yazılı sorğusunda qeyd edilmiş olsun.

Sığorta müqaviləsi bağlanıldıqdan sonra tibbi sığorta təşkilatının sorğusuna sığortalının cavab alınana qədər tibbi sığorta təşkilatı sığorta edənin ona müvafiq şəraitin bildirilməməsini, əsas götürəcək müqavilənin pozulmasını, yaxud həmin müqaviləni mübahisələndirə bilməz.[4]

Əgər sığorta müqaviləsinin bağlanmasından sonra sığortalı tərəfindən sığorta hadisəsinin baş verilməsinin mümkünlüyünü və onun dərəcəsini müəyyənləşdirmək üçün əhəmiyyətli olan şəraiti haqqında qəsdən yalan məlumatın verilməsi aşkar edilərsə, onda tibbi sığorta təşkilatı müqaviləni mübahisələndirmək hüququna malikdir.[5]

9. Sığorta müqaviləsinin dəyişdirilməsi və ləğv edilməsi aşağıdakı əsaslar ilə müəyyən edilir:

sığorta müqaviləsinin qüvvədəolma müddətinin başa çatması;

sığorta olunan ölümü;

müqavilənin etibarsız olması haqqında məhkəmənin qərar qəbul etməsi;

qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qaydada tibbi sığorta təşkilatının ləğv edilməsi;

sığortalı -hüquqi şəxsin ləğv edilməsi halında sığorta olunan tərəfindən sığorta tədiyələrinin ödənilməsini öz üzərinə götürməməsi;

tibbi sığorta təşkilatı tərəfindən sığorta qaydaları pozulduqda, sığortalının tələbi (təşəbbüsü) ilə;

sığorta haqqı ödənilmə vaxtından 10 gün ötəndən sonra ödəndikdə, sığorta təşkilatının tələbi (təşəbbüsü) ilə.

 

 

 

Tibbi sığorta müqaviləsinin forması

və bağlanma Qaydasına

ƏLAVƏ

Tibbi Sığorta

MÜQAVİLƏSİ

 

"______"______________________200 il                                                                      №____________

____________________________________________________________________________________

(yaşayış məntəqəsinin adı)

 

Bir tərəfdən 200_ il "___"____________tarixli _________№-li lisenziyası olan tibbi sığorta təşkilatı (bundan sonra - sığortaçı) [6]

____________________________________________________________________________________

____________________________________________________________________________ şəxsində

(vəzifəsi, soyadı, adı və atasının adı)

öz nizamnaməsi əsasında fəaliyyət göstərən _____________________________________________

____________________________________________________________________________________

(tibbi sığorta təşkilatının adı)

digər tərəfdən sığortalı________________________________________________________________

____________________________________________________________________________ şəxsində

(adı (fiziki şəxs olduqda, həmçinin soyadı, atasının adı, fərdi identifikasiya nömrəsi, hüquqi şəxs olduqda, həmçinin VÖEN-i) və ünvanı)[7]

_____________________________________________________________əsasında fəaliyyət göstərən

(əmr, əsasnamə, nizamnamə)

____________________________________________________________________________________

(təşkilatın tam adı, icra hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının adı)

aşağıda yazılanlar barədə müqavilə bağlamışlar:

I. Tibbi sığorta müqaviləsinin predmeti və tərəflərin vəzifələri

1. Sığortaçı sığorta edən tərəfindən sığorta olunanların siyahısına daxil edilmiş vətəndaşlara bu müqaviləyə əlavə olunmuş Tibbi Sığorta Proqramında göstərilmiş həcmdə, müddətdə və keyfiyyətdə tibbi yardımın təşkilini və maliyyələşdirilməsini öz öhdəsinə götürür.

2. Müqavilə sığorta haqqı ödənildiyi andan hüquqi qüvvəyə minmiş hesab edilir.

3. Sığortaçı müqaviləsi hüquqi qüvvəyə mindiyi andan hər bir sığorta olunmuş şəxsə tibbi sığorta şəhadətnaməsi verir.

4. sığortalı - müqavilənin bağlanmasından əvvəl soyadı, adı, atasının adı, doğulduğu yer, doğum tarixi, fərdi identifikasiya nömrəsi, cinsi, ünvanı, iş yeri və icra edilən işin xüsusiyyəti göstərilməklə sığorta olunanların siyahısını və sağlamlıq göstəriciləri haqqında məlumatları sığortaçıya verir.[8]

5. sığortalı sığorta haqlarının tam məbləğdə və vaxtında ödənilməsini təmin edir.

II. Sığorta haqlarının məbləği, ödənilmə forması və müddətləri

6. Sığorta haqlarının məbləği qanunvericiliyə uyğun olaraq müəyyən edilir.

7. Sığorta haqları sığortaçının_______________________________________________________

                                                   (sığortaçının tam adı, hesablaşma hesabı və başqa rekvizitləri)

hesablaşma hesabına ödəmə tapşırığı ilə köçürülür.

III. Tibbi sığorta müqaviləsinin qüvvədə olma müddətləri və onun xitam edilməsi

8. Tibbi sığorta müqaviləsi______________________müddətinə bağlanılır.

9. Tibbi sığorta müqaviləsi aşağıdakı hallarda vaxtından əvvəl dayandırılır:

sığorta olunanın ölümü;

müqavilənin etibarsız olması haqqında məhkəmənin qərar qəbul etməsi;

qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qaydada tibbi sığorta təşkilatının ləğv edilməsi;

sığortalının - hüquqi şəxsin ləğv edilməsi halında sığorta olunan tərəfindən sığorta tədiyələrinin ödənilməsini öz üzərinə götürməməsi;

sığortaçı tərəfindən sığorta qaydaları pozulduqda sığorta etdirənin tələbi (təşəbbüsü) ilə;

sığorta haqqı ödənilmə vaxtından 10 gün ötəndən sonra ödənildikdə, sığortaçının tələbi (təşəbbüsü) ilə.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər hallarda. [9]

10. Hüquqi şəxs və ya sığortaçı yenidən təşkil edildikdə, bu müqavilə üzrə hüquq və vəzifələr müvafiq hüquqi vərəsəyə keçir.

IV. Tərəflərin məsuliyyəti

11. sığortalı sığorta haqlarının vaxtında və tam köçürülməməsinə görə məsuliyyət daşıyır.

12. Tibbi sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə sığortaçı sığorta olunan və ya sığortalı qarşısında məsuliyyət daşıyır.

V. Əlavə şərtlər

13. Bu müqavilə əsasında verilən tibbi sığorta şəhadətnamələri müqavilə ilə eyni vaxtda qüvvədən düşür.

14. İşləyən vətəndaş işdən azad edildikdə, müəssisənin müdiriyyəti işdən azad edilən şəxsə verilən tibbi sığorta şəhadətnaməsini ondan alır və sığortaçıya qaytarır.

Tibbi sığorta şəhadətnaməsi itirildikdə, sığorta olunanın ərizəsi əsasında sığortası tibbi sığorta şəhadətnaməsinin dublikatını ona verir.

15. Bu müqavilə eyni hüquqi qüvvəyə malik olan iki nüsxədə tərtib edilmişdir. Onların bir nüsxəsi sığortalıda, digəri isə sığortaçıda saxlanılır.

16. Bu müqavilə ilə tərəflər arasında əmələ gələn bütün mübahisələr qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada həll edilir.

VI. Tərəflərin hüquqi ünvanları

Sığortaçı:________________________________________________________________
__________________________________________________________________________
sığortalı : ________________________________________________________________________
__________________________________________________________________________
 

Sığortaçı:                                                                                             sığortalı :
__________________________________                __________________________________
"_______"_____________________200 il                "_______"_____________________200 il
 

M.Y.                                                                                              M.Y.

 

 

 

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       5 fevral 2008-ci il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 108)

2.       5 iyun 2008-ci il tarixli 129 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 581)

3.       23 iyun 2015-ci il tarixli 236 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 iyul 2015-ci il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №07, maddə 874)

4.       22 iyun 2016-cı il tarixli 243 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 25 iyun 2016-cı il, № 136Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1219)

5.       6 oktyabr 2016-cı il tarixli 399 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 9 oktyabr 2016-cı il, № 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1717)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 


[1] 5 iyun 2008-ci il tarixli 129 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 581) ilə «Tibbi sığorta müqaviləsinin forması və bağlanma Qaydası»nın 2-ci bəndində, 5-ci bəndinin birinci və dördüncü abzaslarında, 6-cı bəndində, 8-ci bəndinin birinci, üçüncü və dördüncü abzaslarında ismin müvafiq hallarında «sığorta edən» sözləri, 9-cu bəndinin altıncı və yeddinci abzaslarında «sığorta etdirənin» sözləri ismin müvafiq hallarında «sığortalı» və «sığortalının» sözləri ilə əvəz edilmişdir.

 

[2] 23 iyun 2015-ci il tarixli 236 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 iyul 2015-ci il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №07, maddə 874) ilə 5-ci hissənin birinci abzasına yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

[3] 23 iyun 2015-ci il tarixli 236 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 iyul 2015-ci il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №07, maddə 874) ilə 6-cı hissəyə “sığortalıyla” sözündən sonra “könüllü tibbi” sözləri əlavə edilmişdir.

 

[4] 5 fevral 2008-ci il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 108) ilə 8-ci bəndinin üçüncü abzasında “müqavilənin etibarsız hesab edilməsini tələb edə bilməz” sözləri “müqaviləni mübahisələndirə bilməz” sözləri ilə əvəz edilmişdir.

 

[5] 5 fevral 2008-ci il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 108) ilə 8-ci bəndinin dördüncü abzasında “müqavilənin etibarsız hesab edilməsini tələb etmək” sözləri “müqaviləni mübahisələndirmək” sözləri ilə əvəz edilmişdir.

 

[6] 6 oktyabr 2016-cı il tarixli 399 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 9 oktyabr 2016-cı il, № 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1717) ilə “Tibbi sığorta müqaviləsinin forması və bağlanma Qaydası”na əlavə -“Tibbi sığorta müqaviləsi”ndə “xüsusi razılığı (lisenziyası)” sözləri “lisenziyası” sözü ilə əvəz  edilmişdir.

 

[7] 22 iyun 2016-cı il tarixli 243 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 25 iyun 2016-cı il, № 136Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1219) ilə doqquzuncu sətirdə “(vəzifəsi, soyadı, adı və atasının adı)” sözləri “(adı (fiziki şəxs olduqda, həmçinin soyadı, atasının adı, fərdi identifikasiya nömrəsi, hüquqi şəxs olduqda, həmçinin VÖEN-i) və ünvanı)” sözləri ilə əvəz edilmişdir.

 

[8] 22 iyun 2016-cı il tarixli 243 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 25 iyun 2016-cı il, № 136Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1219) ilə I bölmənin 4-cü hissəsinə “doğulduğu yer,” sözlərindən sonra “doğum tarixi, fərdi identifikasiya nömrəsi,” sözləri əlavə edilmişdir və həmin hissədə “daimi yaşayış yeri” sözləri “ünvanı” sözü ilə əvəz edilmişdir.

 

[9] 5 iyun 2008-ci il tarixli 129 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 581) ilə «Tibbi sığorta müqaviləsinin forması və bağlanma Qaydası»na əlavənin - «Tibbi Sığorta Müqaviləsi»nin mətnində ismin müvafiq hallarında «sığorta edən» və «sığorta etdirən» sözləri ismin müvafiq hallarında «sığortalı» sözü ilə əvəz edilmişdir, III hissəsinin 9-cu bəndinə yeni məzmunda səkkizinci abzas əlavə edilmişdir.