Təlim və Maarifləndirmə Mərkəzi

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının

Təlim və Maarifləndirmə Mərkəzi haqqında

MƏLUMAT

 

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Təlim və Maarifləndirmə Mərkəzi (Mərkəz) tərəfindən hazırlanan proqramlar bank, sığorta və kapital bazarlarındakı beynəlxalq təcrübənin yerli bazarlarda tətbiqini, eləcə də beynəlxalq bazarlara inteqrasiyasını təmin edir.

Mərkəzin vizionu maliyyə sahəsində çalışan yüksək peşəkarlığı olan kadrların hazırlanması, əhalinin maliyyə savadlılığının artırılması, paytaxtda və regionlarda maliyyə xidmətləri verən və bu xidmətlərdən faydalanan subyektlərin qarşılıqlı səmərəli fəaliyyəti üçün zəmin yaradılmasından ibarətdir.

Mərkəzin əsas missiyası Palata əməkdaşlarının peşə hazırlığının yaxşılaşdırılması, ixtisaslarının artırılması və yenidən hazırlanması işinin həyata keçirilməsi, əməkdaşların təlim ehtiyaclarının öyrənilməsi, tələbata uyğun olaraq təlim proqramlarının hazırlanması və tətbiqi, maliyyə sektorunda fəaliyyət göstərən qurumlar arasında məlumat və fikir mübadiləsinin genişləndirilməsi, təcrübələrin paylaşılması və Palatanın maliyyə sektorunda nəzarətedici funksiyası ilə bərabər maarifləndirici rolunun gücləndirilməsidir.

Mərkəz öz missiyasını həyata keçirmək üçün aşağıdakı başlıca məqsədləri müəyyən etmişdir:

  • Palata əməkdaşlarının bilik və bacarıqlarının təkmilləşdirilməsi;
  • Azərbaycanın maliyyə sektorunda fəaliyyət göstərən iştirakçıların əməkdaşlarının biliklərinin artırılması;
  • Maliyyə və uyğun ixtisaslarda təhsil alan tələbələrin maliyyə sahəsində fəaliyyət üçün istiqamətləndirilməsi;
  • Bazar iştirakçısı olmayan vətəndaş cəmiyyəti üzvləri və hədəf qrupları ilə maliyyə sektoru iştirakçıları arasında kommunikasiyanın gücləndirilməsi;
  • Ölkə hüdudları daxilində maliyyə savadlılığının artırılması və maliyyə sahəsində əməkdaşlığın təşviq olunması;
  • Onlayn təlimlərin təşkil olunması, regional və beynəlxalq əməkdaşlıq zamanı onlayn təlimlərdən istifadənin genişləndirilməsi.

 

Mərkəz iki əsas istiqamətdə işlərini həyata keçirir:

Təlimlər: Palata əməkdaşlarının və maliyyə sektoru işçilərinin, maliyyə bazarlarında peşəkar bilik və bacarıqlarının artırılması, peşə hazırlığının yaxşılaşdırılması, ixtisaslarının artırılması və yenidən hazırlanması işinin həyata keçirilməsi istiqamətində, təlim və seminarların təşkili və əməkdaşların həmin təlimlərdə iştirakının təmin edilməsi.

Maarifləndirmə tədbirləri: Ölkədə ali təhsil müəsissələri, kiçik və orta sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatların, müxtəlif fəaliyyət sahələri üzrə peşəkarların, birbaşa maliyyə sektoru ilə əlaqəsi olmayan digər qrup vətəndaşların maarifləndirilməsi istiqamətində tədbir və seminarların keçirilməsi.

 

Tərəfdaşlar:

Təlim və Maarifləndirmə Mərkəzi müxtəlif yerli və beynəlxalq təşkilatlar ilə əməkdaşlıq etməkdədir.

Yerli təşkilatlar və qurumlar: Azərbaycan Bank Tədris Mərkəzi, Bakı Fond Birjası, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Ədliyyə Akademiyası, yerli kommersiya bankları və sığorta şirkətləri.

Təhsil ocaqları: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti.

Beynəlxalq təşkilatlar: Dünya Bankı, ATTF Luxembourg House of Training, FSI Connect, CFA Institute, KPMG, IMF library, Joint Vienna Institute, Sparkassenstiftung für internationale Kooperation.