Tez-tez verilən suallar

- Sığorta şirkəti sorğu verməli və arayışı almalıdır.

- Bu hallar “İcbari Sığortalar haqqında” Qanunun 58.2-ci maddəsində göstərilib.

- Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir.

- Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır.

- Müstəqil ekspert tərəflərin qarşılıqlı razılığı ilə təyin olunur.

“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 36.6-cı maddəsinə və “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, hər bir kredit təşkilatı müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən xidmətlər üçün digər ödənişləri müəyyən etməkdə sərbəstdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477-ci maddəsinə uyğun olaraq zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə, kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

“Əmanətlərin sığortalanması haqqında” Qanunun 8.1.20-ci maddəsinə görə, Fondun Himayəçilik Şurası qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla müəyyən edir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinə uyğun olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Eyni zamanda vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 947.2-ci maddəsinə uyğun olaraq istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanətin məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472-ci maddəsinə uyğun olaraq borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Digər tərəfdən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 964.2-ci maddəsinə görə, müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. Digər tərəfdən, İcra haqqında Azərbaycan Respublikasının Qanununun 65-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 176-cı maddəsinə əsasən, hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz, eyni zamanda əmək haqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əmək haqqının əlli faizi saxlanmalıdır.

Sənədsiz qiymətli kağızlar üzrə depo hesabından çıxarış həmin qiymətli kağızlara mülkiyyət hüququnu təsdiqləyən yeganə hüquqi sənəddir. Depo hesabı mərkəzi depozitarın (Milli Depozit Mərkəzi) üzvünün müraciəti əsasında müştəri üçün mərkəzi depozitarda açılmış və özündə müştərinin qiymətli kağızlarına olan hüquqlara dair qeydləri əks etdirən hesabdır. Beləliklə səhmdar səhmdar cəmiyyəti üzrə malik olduğu səhmlərə dair məlumat almaq məqsədilə Milli Depozit Mərkəzinə yaxınlaşaraq depo hesabından çıxarış almalıdır.

Qiymətli kağızlar haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun) 1.0.8-ci maddəsinə müvafiq olaraq qiymətli kağızın və ya törəmə maliyyə alətinin alınması, satılması, abunə yazılışı, dəyişdirilməsi, geri alınması, saxlanılması və anderraytinqi və ya onunla bağlı hüquqların həyata keçirilib-keçirilməməsi investisiya məsləhətidir. Həmin Qanunun 30-cu maddəsinə əsasən investisiya məsləhətlərin verilməsi investisiya şirkətləri tərəfindən həyata keçirilir.

Səhmdar səhmdar cəmiyyətinin fəaliyyətinə dair məlumat almaq, ildə bir dəfə onun illik hesabatı, mühasibat balansı ilə tanış olmaq, cəmiyyətin nizamnaməsinin, səhmdarların reyestrinin və səhmdarların ümumi yığıncaqlarının protokollarının surətlərinin ona təqdim edilməsini tələb etmək hüququna malikdir.

Hüquqi şəxsin hüquqi ünvanı hüquqi şəxslərin dövlət reyestrində əks etdirilən məlumatlardandır. Kommersiya hüquqi şəxslərin dövlət reyestri Azərbaycan Respublikasının Vergilər Nazirliyinin müəyyən etdiyi bölgü üzrə bu orqana bilavasitə tabe olan vergi orqanları tərəfindən aparılır. Bununla əlaqədar müəssisənin hüquqi  ünvanı barədə Vergilər Nazirliyinin rəsmi saytından kommersiya hüquqi şəxslərin reyestr məlumatları üzrə https://www.e-taxes.gov.az/ebyn/commersialChecker.jsp keçidinə daxil olaraq axtarış etməklə məlumat əldə edə bilərsiniz.

Bu hesabatlar “Emitentin idarəetmə hesabatlarına dair tələblər haqqında Qaydalar”ın 2-ci bəndində müəyyən edilmiş qaydada tərtib olunur.

maliyyə hesabatları və onun yoxlanılması üzrə kənar auditor rəyi;

idarəetmə hesabatı

Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi haqqında qərarı səhmdar cəmiyyətinin səhmdarlarının ümümi yığıncağı tərəfindən qəbul edilir və adi səhm üzrə dividend səhmdar cəmiyyətinin xalis mənfəətinin səhmdarlara hər bir adi səhm üzrə hesablanmış ödənişlər şəklində bölüşdürülmüş hissəsidir. Səhmdar cəmiyyəti xalis mənfəətindən nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. Səhmdar cəmiyyətinin dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır və 30 (otuz) gün müddətində icra edilir.