Qəbul qaydaları

  • QƏBUL QAYDALARI VƏ CƏDVƏLİ

        Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (bundan sonra - Palata) vətəndaşların qəbul edilməsinin qaydaları “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2016-cı il tarixli, 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”na əsasən hazırlanmışdır.
        Vətəndaş şəxsiyyətini təsdiq edən sənəd və ya şəxsiyyətini müəyyən edən rekvizitlər və ya elektron imza olduqda elektron xidmətlər vasitəsilə “Qəbul otağı”na müraciət etmək və ya Palatanın rəsmi internet saytında qeydiyyatdan keçmək yolu ilə qəbula yazılır. Qəbula gəlmiş vətəndaş şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir.
         Vətəndaşlar əvvəlcədən təyin edilən və məlumat verilən günlərdə və saatlarda qəbul edilirlər. Təyin edilmiş vaxtda qəbula gələn vətəndaş Palata  tərəfindən həmin vətəndaşın şəxsiyyətini təsdiq edən sənəd əsasında eyniləşdirilməsi, fiziki və ya hüquqi şəxsin nümayəndəsinin isə həmçinin səlahiyyətlərini təsdiq edən sənəd (çıxarış və yaxud etibarnamə) əsasında səlahiyyətlərinin yoxlanılması həyata keçirilir.
        Qəbul zamanı vətəndaş qeyri-etik davranış və əmələ yol verərsə, qəbul dayandırılır və bu barədə Təhlükəsizlik idarəsinə məlumat verilir. Bu halda Təhlükəsizlik idarəsinin əməkdaşları tərəfindən vətəndaş Palatanın inzibati binasından kənarlaşdırılır və müvafiq akt tərtib olunur.
         Vətəndaşların Palata tərəfindən qəbulu günləri Palatanın internet saytında, eyni zamanda onun inzibati binasının girişində məlumat stendində yerləşdirilir.
        Qəbula gələn vətəndaşın şəxsiyyətini təsdiq edən sənəd əsasında eyniləşdirilməsi, fiziki və ya hüquqi şəxsin nümayəndəsinin isə həmçinin səlahiyyətlərini təsdiq edən sənəd əsasında səlahiyyətlərinin yoxlanılması Palata tərəfindən həyata keçirilir.
         Palata tərəfindən vətəndaşların qəbul günləri iş günləri hesab edilən çərşənbə axşamı və (və ya) cümə axşamı günü olmaqla saat 10:00-13:00-dək müəyyən edilir. Palata tərəfindən qəbul günlərində müvafiq saatlar ərzində bank, sığorta və kapital bazarları sektorlarının hər biri üzrə “Vətəndaşların qəbulu cədvəli”nə uyğun olaraq maksimum 10 vətəndaşın, idarə rəisi tərəfindən 3 vətəndaşın qəbulu həyata keçirilir.
       Vətəndaşın qəbulu başa çatdıqdan sonra “Qəbul jurnalı”nda müvafiq qeydlər aparılaraq vətəndaş tərəfindən imzalanır.
       Vətəndaş Palata tərəfindən qəbul edildikdən sonra vətəndaşın qəbulla bağlı rəsmi müraciəti baxılmış hesab olunur.