Müraciətlərə baxılması

MÜRACİƏTLƏRƏ BAXILMASI QAYDASI

           Palatanın əsas vəzifələrindən biri maliyyə bazarlarında istehlakçıların və investorların hüquqlarının müdafiəsini və onların pozulmasının qarşısının alınmasını təmin etməkdir. Bunun  üçün Palata hüquqi və fiziki şəxslərdən daxil olan maliyyə bazarlarında istehlakçıların və investorların hüquqlarının pozulması ilə bağlı müraciətlər üzrə araşdırmalar aparır və hüquq pozuntularına qarşı tədbirlər görür. Palata tərəfindən həmin şəxslərdən daxil olmuş qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və səhmdar cəmiyyətlərində korporativ idarəetmə sahələrinə aid müraciətlərə baxılır.

         Daxil olan müraciətlər üzrə Palatanın İstehlakçılarla iş idarəsi tərəfindən araşdırmalar aparılır. Araşdırma aparılması məqsədilə Palata tərəfindən şikayət edilmiş müvafiq subyektlərdən zəruri sənədlər və məlumatlar alınır.

         Aparılmış araşdırmalar nəticəsində istehlakçının yaxud investorun hüquqlarının pozulması aşkar edildikdə, Palata tərəfindən hüququ pozan maliyyə subyektinə qarşı aşağıdakı təsir tədbirləri tətbiq edilir:

  • İcrası məcburi göstəriş vermək, digər təsir, həmçinin təshih tədbirləri tətbiq etmək;
  • Sanksiyalar, həmçinin inzibati tənbeh (xəbərdarlıq və cərimə) tətbiq etmək.

Palata hansı məsələləri tənzimləmir?

        Palatanın səlahiyyətləri “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi” (Nizamnamə) ilə müəyyən edilmişdir. Palata həmin Nizamnamə ilə müəyyən edilmiş  səlahiyyətləri xaricində digər məsələləri tənzimləmir. Məsələn:

  • Lizinq şirkətləri ilə bağlı məsələlər;
  • Lombardlarla bağlı məsələlər (Çirkli pulların yuyulması ilə əlaqəli məsələlər istisna təşkil edir, bu məsələlər Palata tərəfindən tənzimlənir);
  • Pul və valyuta siyasəti ilə bağlı məsələlər;
  • Nağd pul dövriyyəsi, habelə pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması ilə bağlı məsələlərə;
  • Manatın rəsmi məzənnəsinin müəyyən edilməsi ilə bağlı məsələlərə.

Palata hansı məsələlər üzrə tövsiyə vermir:

         Palata aşağıdakı məsələlərlə bağlı istehlakçılara və investorlara hər hansı məlumat yaxud tövsiyə vermir:

  • Əmanət yerləşdirilməsi üçün hansı bankların daha etibarlı olması;
  • Kreditlər üzrə ən əlverişli şərtlərin (aşağı faiz dərəcəsi və s.) hansı banklar tərəfindən təklif olunması;
  • Hansı banklar tərəfindən əmanətlər üzrə yüksək faizlərin ödənilməsi;
  • Qiymətli kağızlarla və törəmə maliyyə alətləri ilə ticarətə dair investisiya məsləhətləri;
  • Könüllü sığorta növü üzrə hansı sığorta şirkətlərinin daha münasib qiymətə sığortalaması barədə məlumatlar;
  • Hansı sığorta şirkətləri tərəfindən sığorta müqaviləsi üzrə ən əlverişli şərtlərin təklif edilməsi barədə.

Palata hansı məlumatları təqdim etmir:

  • Vətəndaşların banklarda olan əmanətləri barədə məlumatlar (ölən şəxsin vərəsələri onun əmanətləri barədə məlumatı vərəsəlik işinin açıldığı notariusun sorğusu vasitəsilə ala bilərlər);
  • Banklarda tətbiq edilən faiz dərəcələri və komisyon haqları barədə məlumatlar;
  • Sığorta şirkətləri tərəfindən tətbiq olunan sığorta haqları barədə məlumatlar;
  • Vətəndaşların hansı səhmdar cəmiyyətlərində səhmlərinin olması barədə məlumatlar.