"Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, saxlanmasının, idxalının və satışının tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, saxlanmasının, idxalının və satışının tənzimlənməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Son vaxtlar Azərbaycan Respublikasında istehsal olunan və xarici ölkələrdən gətirilən bir sıra alkoqollu içkilər və tütün məmulatları növlərinin sanitar-gigiyena normalarına uyğun gəlməməsi və aşağı keyfiyyətli belə malların satışının geniş yayılması əhalinin sağlamlığı üçün təhlükə mənbəyinə çevrilmiş, ölkənin şərabçılıq və tütün sənayesinin inkişafı üçün ciddi çətinliklər yaratmışdır.

Əhalinin sağlamlığının müdafiəsini və daxili bazarın aşağı keyfiyyətli məhsullardan qorunmasını təmin etmək, vergidən yayınma hallarının, qeyri-qanuni istehsalın və qaçaqmalçılığın qarşısını almaq, habelə bu sahədə dövlət nəzarətini gücləndirmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasında mülkiyyət formasından asılı olmayaraq alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatının istehsalına, saxlanmasına, idxalına və satışına dövlət tənzimlənməsi tətbiq edilsin.

Müəyyən edilsin ki:

bütün növ etil (yeyinti) spirtinin istehsalı, saxlanması, alkoqollu içkilərin və tütün məmulatının istehsalı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, idxalı — Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara uyğun olaraq verilmiş lisenziyalar əsasında həyata keçirilir;[1]

etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının istehsalı, idxalı və satışı müəyyən olunmuş qaydalara uyğun olaraq verilmiş lisenziyalar əsasında həyata keçirilir;[2]

bütün növ etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının pərakəndə satışı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən qaydalara uyğun olaraq həyata keçirilir.[3]

2. Azərbaycan Respublikasında aşağı keyfiyyətli alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatının istehsalının və onların ölkəyə idxalının qarşısını almaq məqsədi ilə belə məhsulların istehsalı və idxalı yalnız aksiz markalarının tətbiqi əsasında həyata keçirilsin.

Aksiz markalarının sifarişi, onların satışı və uçotunun aparılması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Vergilər Nazirliyinə həvalə edilsin.[4]

Aksiz markalarının dövriyyəsinə nəzarəti Azərbaycan Respublikası Prezidentinin yanında Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirir[5]

İdxal olunan mallar üçün aksiz markaları 1997-ci il aprel ayının 1-dən Azərbaycan Respublikasında istehsal olunan mallar üçün isə 1997-ci il iyul ayının 1-dən tətbiq edilsin.

Müəyyən edilsin ki, yuxarıda qeyd olunan məhsulların aksiz markası olmadan satışına görə onları satan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində:

alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatının istehsalı, saxlanması və idxalı üçün lisenziya verilməsi qaydalarını hazırlayıb təsdiq etsin;[6]

etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının pərakəndə satış qaydalarını təsdiq etsin;

idxal olunan və ölkədə istehsal edilən alkoqollu içkilərə, etil (yeyinti) spirtini və tütün məmulatına aksiz markalarının tətbiq olunması qaydalarını təsdiq etsin;

«Dövlət Vergi Xidməti haqqında» Azərbaycan Respublikasının Qanununa, İnzibati Hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə Azərbaycan Respublikasının ərazisində etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının istehsalı, saxlanması və idxalı ilə müəyyən edilmiş qaydada lisenziya almadan məşğul olmağa, habelə aksiz markası olmayan alkoqollu içkilərin və tütün məmulatının idxalı və satışına görə məsuliyyəti nəzərdə tutan müvafiq əlavələr və dəyişikliklər edilməsi barədə təkliflər hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

daxili bazarın və istehsalçıların mənafeyinin qorunması məqsədilə kənardan gətirilən alkoqollu içkilərə, etil (yeyinti) spirtinə və tütün məmulatına tətbiq olunan gömrük rüsumlarını və aksiz dərəcələrini vaxtaşırı nəzərdən keçirib zəruri hallarda onlara müvafiq dəyişikliklər etsin;

bu fərmanın icrasını təmin edən digər tədbirləri həyata keçirsin.

4. Azərbaycan Respublikasında yüksək keyfiyyətli şərab məhsullarının və tütün məmulatının istehsalına istehsalçıların marağını artırmaq məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi hər il alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatının istehsalı və satışı üzrə proqnozları nəzərə almaqla həmin məhsulların idxalının yuxarı həddini və alkoqollu içkilərin, etil (yeyinti) spirtinin tarif kvotasını müəyyən etmək məqsədi ilə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.[7]

5. Azərbaycan Respublikasının Mətbuat və İnformasiya Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Televiziya və Radio Verilişləri Şirkətinə, rayon və şəhər icra hakimiyyətlərinə tapşırılsın ki, alkoqollu içkilərin və tütün məmulatının televiziyada, radioda, mətbuatda və digər vasitələrlə reklam olunmasına qarşı mübarizəni gücləndirsinlər.[8]

 

Azərbaycan Respublikasının Prezidenti   Heydər ƏLİYEV

 

Bakı şəhəri, 20 dekabr 1996-cı il

                 № 527

 

 

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       5 fevral 1999-cu il tarixli 90 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 2, maddə 74)

2.       11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640)

3.       23 oktyabr 2003-cü il tarixli 980 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 585)

4.       13 fevral 2009-cu il tarixli 59 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 17 fevral 2009-cu il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 72)

5.       5 mart 2009-cu il tarixli 71 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  6 mart 2009-cu il, № 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №03, maddə 163)

6.       24 may 2010-cu il tarixli 265 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  3 iyun 2010-cu il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №5, maddə 394)

7.       14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101)

8.       16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)

9.       7 sentyabr 2016-cı il tarixli 1033 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 8 sentyabr 2016-cı il, № 197, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1470)

10.    7 noyabr 2016-cı il tarixli 1092 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 noyabr 2016-cı il, № 253Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1799)

11.    15 may 2019-cu il tarixli 688 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 may 2019-cu il, № 106Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №5, maddə 840)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 

[1] 7 noyabr 2016-cı il tarixli 1092 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 noyabr 2016-cı il, № 253Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1799ilə 1-ci hissənin ikinci bəndinin birinci və ikinci yarımbəndləri ləğv edilmişdir.

 

[2] 23 oktyabr 2003-cü il tarixli 980 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 585) ilə 1-ci bəndin üçüncü abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məlumatının istehsalı və idxalı məqsədi ilə müəyyən edilmiş qaydada lisenziya alan istehsalçılar və idxalçılar üçün bu malların topdan satışını həyata keçirmək üçün yenidən lisenziya alınması tələb olunmur;

 

[3] 7 noyabr 2016-cı il tarixli 1092 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 noyabr 2016-cı il, № 253Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1799ilə 1-ci hissənin ikinci bəndinin üçüncü yarımbəndindən və 3-cü hissənin birinci bəndindən “pərakəndə” sözü çıxarılmışdır.

 

[4] 7 noyabr 2016-cı il tarixli 1092 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 noyabr 2016-cı il, № 253Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1799ilə 2-ci hissənin ikinci bəndindən “Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş qaydalara uyğun olaraq” sözləri çıxarılmışdır.

 

15 may 2019-cu il tarixli 688 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 may 2019-cu il, № 106Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №5, maddə 840ilə 2-ci hissənin ikinci abzasında “Maliyyə Nazirliyinə” sözləri “Vergilər Nazirliyinə” sözləri ilə əvəz edilmişdir.

 

[5] 5 fevral 1999-cu il tarixli 90 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 2, maddə 74) ilə 2-ci bəndinin 2-ci abzası yeni  redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Aksiz markalarının satışı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş qaydalara uyğun olaraq idxal olunan mallar üzrə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə, ölkədə  istehsal olunan məhsullar üzrə Azərbaycan Respublikasının Baş Dövlət Vergi Müfəttişliyinə həvalə edilsin.

5 mart 2009-cu il tarixli 71 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  6 mart 2009-cu il, № 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №03, maddə 163) ilə Fərmanın 2-ci bəndinin üçüncü abzasından “Prezidentinin yanında” sözləri çıxarılmışdır.

7 sentyabr 2016-cı il tarixli 1033 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 8 sentyabr 2016-cı il, № 197, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1470ilə 2-ci hissənin üçüncü abzasında “Qiymətli kağızlar üzrə Dövlət Komitəsi” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ilə əvəz edilmişdir.

 

[6] 23 oktyabr 2003-cü il tarixli 980 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 585) ilə 3-cü bəndin ikinci abzası çıxarılmışdır.

 

[7] 11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə 4-cü bəndində "İqtisadiyyat Nazirliyi" sözləri "İqtisadi İnkişaf Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

13 fevral 2009-cu il tarixli 59 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 17 fevral 2009-cu il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 72) ilə 4-cü bəndindən "alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və" sözləri çıxarılmışdır, həmin bəndinə "həddini" sözündən sonra "və alkoqollu içkilərin, etil (yeyinti) spirtinin tarif kvotasını" sözləri əlavə edilmişdir.

24 may 2010-cu il tarixli 265 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  3 iyun 2010-cu il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №5, maddə 394) ilə 4-cü bəndindən "idxalının yuxarı həddini" sözləri çıxarılsın və həmin bənddə "müəyyən etsin" sözləri "müəyyən etmək məqsədi ilə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin" sözləri ilə əvəz edilmişdir.

14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə 4-cü hissəsində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384ilə 4-cü hissədən “və Sənaye” sözləri çıxarılmışdır.

 

[8] 7 noyabr 2016-cı il tarixli 1092 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 noyabr 2016-cı il, № 253Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1799ilə 3-cü hissənin ikinci bəndi və 5-ci hissə ləğv edilmişdir.