Maliyyə Bazarlarına Nəzarət Palatası və KPMG şirkəti tərəfindən maliyyə sektorunda çalışan mütəxəssislər üçün “Rəqəmsallaşma və innovativ həllər” mövzusunda tədbir keçirilib

10.09.2019 09:22

Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” və “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”na əsasən maliyyə savadlılığının yüksəldilməsi prioritet hədəfinin icrası çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən KPMG şirkəti və Azərbaycan Banklar Assosiasiyası ilə birgə tədbir keçirilib.

Maliyyə sektorunda çalışan mütəxəssislərin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən və “Rəqəmsallaşma və innovativ həllər” mövzusuna həsr olunan tədbirdə KPMG şirkətinin yerli və xarici ekspertləri tərəfindən maliyyə sistemində rəqəmsallaşma, rəqəmsallaşma dövründə informasiya və texnologiyaların idarəedilməsində COBİT 2019 standartları, rəqəmsal transformasiyanın xüsusiyyətləri, maliyyə sistemində informasiya texnologiyalarının tənzimlənməsi mövzusunda təqdimatlar keçirilib, iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb.

Maliyyə Bazarlarına Nəzarət Palatası maliyyə sektorunda çalışan mütəxəssislərin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi, qabaqcıl beynəlxalq təcrübənin mənimsənilməsi məqsədilə mütəmadi əsasda beynəlxalq maliyyə institutlarının və ödəniş ekosistemində təmsil olunan təşkilatların iştirakı ilə tədbirlərin keçirilməsini diqqət mərkəzində saxlayır.