Maliyyə Bazarlarına Nəzarət Palatası və Rusiya Mərkəzi Bankının nümayəndə heyəti ilə görüş keçirilib

12.06.2019 16:00

10 iyun 2019-cu il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatasında Rusiya Federasiyasının Mərkəzi Bankının Maliyyə bazarlarında qeyri-dürüst əməllərə qarşı mübarizə departamentinin direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Palatanın nümayəndəsi Rusiya Mərkəzi Bankı ilə əməkdaşlıq əlaqələrinin cari vəziyyəti barədə məlumat verərək hər iki qurumun birgə təşkilatçılığı ilə keçirilmiş banklararası əməkdaşlıq üzrə Azərbaycan-Rusiya dəyirmi masasının hər iki ölkənin maliyyə bazarlarının inkişafı üçün faydalı olacağını və gələcək əməkdaşlıq üçün zəmin yaradacağını bildirib.

Rusiya Mərkəzi Bankının Maliyyə bazarlarında qeyri-dürüst əməllərə qarşı mübarizə departamentinin rəhbəri öz növbəsində Rusiya Mərkəzi Bankının Palata ilə sıx əməkdaşlıqda maraqlı olduğunu və əməkdaşlığın hüquqi əsaslarını yaratmağa hazır olduqlarını diqqətə çatdırıb.

Görüş çərçivəsində iki qurum arasında gələcək əməkdaşlıq istiqamətləri, o cümlədən tənzimləmə və nəzarət çərçivəsində qarşılıqlı məlumat mübadiləsinin təşkili, seminar və təlimlərin keçirilməsi və digər məsələlər müzakirə edilərək birgə memorandumun imzalanması imkanlarına toxunulub.