“Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” çərçivəsində “Visa Inc.” beynəlxalq kart təşkilatı ilə birgə növbəti tədbir keçirilib

15.05.2019 18:02

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı və beynəlxalq təşkilatların iştirakı ilə “Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” çərçivəsində tədbirlərin keçirilməsi davam etdirilir. Növbəti tədbir “Visa Inc.” beynəlxalq kart təşkilatı tərəfindən maliyyə sektorunda çalışan mütəxəssislərin bilik və bacarıqlarının daha da artırılması, bu sahədə maliyyə savadlılığının yüksəldilməsi məqsədilə keçirilib.

“Visa Inc” beynəlxalq kart təşkilatının Müstəqil Dövlətlər Birliyi və Cənub-Şərqi Avropa ölkələrində risklər üzrə baş direktoru Larisa Makarova və eyni region üzrə risklər üzrə direktor Elnura Djenis tərəfindən ödəniş kartları sahəsində risklər və onların idarə edilməsinə cəlb olunmuş mütəxəssislər üçün “Fırıldaqçılıq hallarının qarşısının alınması: ənənəvi hallar və innovativ ödəniş texnologiyalarının istifadəsi” mövzusunda seminar keçirilib.

Tədbirdə innovativ ödəniş texnologiyaları və ödəniş kartları ilə aparılan əməliyyatlarda fırıldaqçılıq halları, fırıldaqçılıq əməliyyatları üzrə statistik göstəricilər və bu kimi hallarla mübarizə tədbirləri, həmçinin regionda müşahidə olunan son trendlər müzakirə edilərək qarşılıqlı fikir mübadiləsi aparılıb.