Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının, Bakı Fond Birjasının və Azərbaycan Respublikasının Mərkəzi Depozitarının mütəxəssislərindən ibarət nümayəndə heyəti Koreya Respublikasına rəsmi səfər edib

11.04.2019 12:04

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının, Bakı Fond Birjasının və Azərbaycan Respublikasının Mərkəzi Depozitarının mütəxəssislərindən ibarət nümayəndə heyəti 31 mart – 5 aprel 2019-cu il tarixlərində Koreya İnkişaf İnstitutu (Korea Development Institute) tərəfindən həyata keçirilən Bilik Mübadiləsi Proqamı (KSP) çərçivəsində Koreya Respublikasına rəsmi səfər edib.

Koreya Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi tərəfindən maliyyələşdirilən Bilik Mübadiləsi Proqamı iştirakçı ölkələrdə iqtisadi inkişaf təcrübəsinin bölüşdürülməsini, məsləhətlərin verilməsi və bacarıqların artırılması üzrə tədbirləri nəzərdə tutur. Proqram çərçivəsində Azərbaycan Respublikasının nümayəndə heyəti ilə Koreya Respublikasının mütəxəssisləri arasında kapital bazarlarının, baza aktivi xarici valyuta və qiymətli kağızlar olan törəmə maliyyə alətlərinin, habelə qiymətli kağızlarla klirinq və hesablaşma sistemlərinin təkmilləşdirilməsi istiqamətlərində müzakirələr aparılıb, repo bazarının inkişaf etdirilməsi, investisiya fondları üçün əlverişli mühitinin yaradılması məsələlərinə dair Koreya Respublikasının təcrübəsi öyrənilib.

Qeyd edək ki, Koreya Respublikasının mütəxəsislərindən ibarət heyətin Azərbaycana növbəti səfərinin cari ilin may ayında baş tutması və proqram üzrə yekun hesabatın hazırlanması nəzərdə tutulur.