Maliyyə Bazarlarına Nəzarət Palatasında Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib

28.01.2019 11:00

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) ilə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndə heyəti arasında görüş keçirilib. Görüş zamanı AYİB tərəfindən Azərbaycan Respublikasında yerli valyutada istiqraz emissiyasının həyata keçirilməsi istiqamətində qanunvericiliklə bağlı məsələlər müzakirə edilib.

Palatanın İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov ölkədə makroiqtisadi sabitliyin təmin olunması istiqamətində həyata keçirilən genişmiqyaslı islahatların maliyyə sisteminə müsbət təsirləri barədə görüş iştirakçılarına ətraflı məlumat verib, habelə Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlara məxsus yerli valyutada emissiya olunacaq qiymətli kağızların fond birjasında listinqə çıxarılması və kütləvi təklif üsulu ilə yerləşdirilməsinin ölkənin qiymətli kağızlar bazarının inkişafına və dərinləşməsinə dəstək olacağını qeyd edib.

Avropa Yenidənqurma və İnkişaf Bankının Xəzinədar müavini və Maliyyələşdirmə rəhbəri İsabel Laurent qiymətli kağızlar bazarının inkişafı istiqamətində Palata ilə AYİB arasında mövcud əməkdaşlıq barədə məlumat verərək əlaqələrin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.