Maliyyə Bazarlarına Nəzarət Palatası Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin iş prinsipi və maliyyə savadlılığının artırılması üzrə təlim keçirib

28.01.2019 12:10

Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə 25 yanvar 2019-cu il tarixində Şəmkir rayonunda mikro, kiçik və orta sahibkarlıq (KOS) subyektlərinə Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin (Reyestr) məqsədi, iş prinsipi və üstünlükləri barədə təlim keçib.

Palatanın nümayəndəsi tərəfindən dünyanın nüfuzlu “Doing Business - 2019” hesabatında ölkəmizin 190 ölkə arasında 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşması və bu nailiyyəti şərtləndirən uğurlu iqtisadi siyasət xüsusi vurğulanıb.

Əlavə olaraq, Reyestrin əsas iş prinsipi, yüklülüyün növləri və yüklülük predmeti, reyestrin sahibkarlar və maliyyə qurumları üçün faydası barədə ətraflı məlumat verilib.

Reyestrin üstünlükləri barədə danışılarkən bildirilib ki, daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edə bilər. Daşınar əşyalara hər cür avadanlıqlar, kənd təsərrüfatı texnikaları, heyvanlar, biznesdə istifadə olunan əşyalar aid edilir.

Təlimdə həmçinin Reyestrin faydalı cəhətləri sırasında kredit almaq imkanlarının genişlənməsi, daşınar əmlakların təminata cəlb edilməsinin stimullaşdırılması, hər növ daşınar əmlakın yüklülüyünün mümkün edilməsi və digər xüsusiyyətlər də qeyd edilib.

Diqqətə çatdırılıb ki, 25 yanvar 2019-cu il tarixinə reyestrdə qeydiyyatdan keçmiş şəxslərin sayı 600 nəfərdən çox, sistemə daxil edilmiş bildirişlərin sayı isə 31 mindən artıq olub.

KOBİA-nın nümayəndəsi çıxış edərək agentliyin yaradılmasının məqsədi və fəaliyyət istiqamətləri barədə məlumat verib. Agentliyin fəaliyyətinin əsas məqsədinin kiçik və orta sahibkarlığın yaradılması və inkişafının bütün mərhələlərində zəruri dəstək tədbirlərinin həyata keçirilməsi olduğu bildirilib. Bu tədbirlər güzəştli maliyyə mənbələrinə çıxışın asanlaşdırılması, qabaqcıl təşkilati modellərin tətbiqi, davamlı təlim sisteminin yaradılması, yeni ideya və innovasiyaların biznesə inteqrasiyası, xarici bazarlara çıxış, sahibkarların maraqlarının müdafiəsi və digər istiqamətləri əhatə edir.