Maliyyə Bazarlarına Nəzarət Palatasında “Bilik Mübadiləsi Proqramı” çərçivəsində Koreya nümayəndə heyəti ilə görüş keçirilib

25.01.2019 09:50

Koreya Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi tərəfindən həyata keçirilən və əsas icraçısı Koreya İnkişaf İnstitutu olan Bilik Mübadiləsi Proqramı çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) ilə Koreya nümayəndə heyəti arasında görüş keçirilib.

Görüş zamanı ölkəmizdəki iqtisadi artım, qiymətli kağızlar bazarının inkişafı və bu istiqamətdə strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərlə bağlı ətraflı məlumat verilib, gələcək əməkdaşlıq perspektivləri və tərəfləri maraqlandıran digər istiqamətlər müzakirə edilib.

Qeyd edək ki, Koreya nümayəndə heyəti Azərbaycanda kapital və törəmə maliyyə alətləri bazarının inkişaf etdirilməsi ilə bağlı müzakirələrin aparılması məqsədilə cari ilin 21-25 yanvar tarixlərində ölkəmizdə səfərdə olub və Palata ilə yanaşı, Bakı Fond Birjası, Milli Depozit Mərkəzi, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası, Azərbaycan Respublikasının Dövlət Neft Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə görüşlər keçirib.

Bu proqram çərçivəsində səhm, istiqraz və xarici valyuta bazarlarının və baza aktivi bu alətlər olan törəmə maliyyə alətləri bazarının inkişafı, habelə qiymətli kağızlarla klirinq və hesablaşma sistemlərinin təkmilləşdirilməsi nəzərdə tutulur.