​​​​​​​ Maliyyə Bazarlarına Nəzarət Palatası Quba şəhərində Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin iş prinsipi və maliyyə savadlılığının artırılması üzrə təlim keçirib

28.11.2018

Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) ilə birgə 25 noyabr 2018-ci il tarixində Quba şəhərində Kiçik və orta sahibkarlıq (KOS) subyektlərinə Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin (reyestr) məqsədi, iş prinsipi və üstünlükləri ilə bağlı təlim keçib. Bildirilib ki, daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edə bilər. Daşınar əşyalara hər cür avadanlıqları, kənd təsərrüfatı texnikalarını, heyvanları, biznesdə istifadə olunan əşyaları aid etmək olar.

Təlimdə həmçinin reyestrin faydalı cəhətləri arasında kredit almaq imkanlarının genişlənməsi, daşınar əmlakların təminata cəlb edilməsinin stimullaşdırılması, hər növ daşınar əmlakın yüklülüyünün mümkün edilməsi və digər xüsusiyyətlər də qeyd edilib. 

Qeyd edək ki, 27 noyabr 2018-ci il tarixinə reyestrdə qeydiyyatdan keçmiş şəxslərin sayı 600 nəfərə yaxın, sistemə daxil edilmiş bildirişlərin sayı isə 28 mindən çox olub.