Maliyyə Bazarlarına Nəzarət Palatası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İcbari Sığorta Bürosu və sığorta şirkətləri arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

28.09.2018

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, İcbari Sığorta Bürosu, “PAŞA Həyat Sığorta”, “Atəşgah Həyat Sığorta” və “Qala Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətləri arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Memorandumda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanmasının təmin edilməsi, icbari sığorta müqaviləsi bağlamayan işəgötürənlərin məsuliyyətinin artırılması, istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin azaldılması üzrə qabaqlayıcı tədbirlərin müəyyən edilməsi əksini tapıb. 

Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraçı direktoru İbrahim Alışov bildirib ki, Azərbaycanın inkişafa gedən yolunun möhkəm təməlini qoyan Ümummilli lider Heydər Əliyevin müdrik siyasətinin layiqli davamçısı olan ölkə Prezidenti İlham Əliyevin maliyyə bazarlarının inkişafına göstərdiyi böyük dəstək nəticəsində, hazırda sığorta sektorunuda da davamlı inkişaf müşahidə olunur.  Artım dinamıkası xüsusilə  icbari sığorta sinfi üzrə sığorta haqlarının toplanılmasında nəzərə çarpır. Qeyd olunan icbari sığorta sinfi üzrə 2017-ci ildə 33.2 mln manat sığorta haqqı toplanıb və 4.3 mln manat sığorta ödənişi həyata keçirilib. 2018-ci ilin birinci yarımilliyi üzrə isə 21.3 mln manat sığorta haqqı toplanıb və 1.7 mln manat sığorta ödənişi edilib.

İ. Alışov qeyd edib ki, ölkədə muzdla çalışan işçilərin sığortalanmasını nəzərə alaraq, informasiya sistemlərin inteqrasiyası nəticəsində sığorta penetrasiyasının kəskin artması və sığortaçılar tərəfindən yığılan sığorta haqlarının həcminin daha da artacağı gözlənilir. Bununla yanaşı, icbari sığorta müqaviləsinin rəsmiləşdirilməsi üçün lazım olan məlumatların elektron formatda onlayn rejimində əldə olunması nəticəsində işəgötürən tərəfdən təqdim olunan məlumatların dürüstlüyü təmin ediləcək, sığortalanma prosesinin tam şəffaf və çevik həyata keçirilməsini təmin edəcək, həmçinin muzdla çalışan əhalinin bədbəxt hadisələrdən sığortalanması tam olaraq təmin ediləcəkdir. 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, millət vəkili Ziyad Səmədzadə sığorta sektorunun Azərbaycan iqtisadiyyatının sürətli inkişaf  edən seqmentlərindən biri olduğunu qeyd edib. Onun sözlərinə görə, hazırda Azərbaycanın investisiya imkanları və iqtisadiyyatının səmərəliliyi artmaqda davam edir və Milli iqtisadiyyatın neft sektorundan asılılığının azalması ölkədə sığorta bazarının inkişafı üçün də əlverişli şərait yaradacaq. Millət vəkili əlavə edib ki, tibbi və kənd təsərrüfatı sığortasının inkişafı  ölkə üçün hazırda əsas prioritetlərdən biridir.

Qeyd edək ki, informasiya ehtiyatları üzrə məlumat bazalarının inteqrasiyası, müəyyən olunmuş qaydada sığorta hadisələrinin araşdırılması, istehsalatda bədbəxt hadisə baş verdiyi hallarda araşdırma materialları üzrə məlumatların əldə edilməsi, sığorta hadisələrinin baş verməsinin qarşısının alınması ilə bağlı tövsiyələrin verilməsi, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində normativ hüquqi aktların layihələrinin hazırlanması istiqamətləri üzrə də əməkdaşlıq sahələri müəyyən edilib.