Maliyyə Bazarlarına Nəzarət Palatasının mütəxəssisləri ABŞ Xəzinədarlıq Departamentinin Bakıda keçirdiyi təlimdə iştirak ediblər

11.09.2018

Maliyyə Bazarlarına Nəzarət Palatasının 9 nəfər mütəxəssisi ABŞ Xəzinədarlıq Departamenti tərəfindən Əfqanistanın Maliyyə Nəzarət İdarəsi, Maliyyə Mübahisələri üzrə Həll Komissiyası və Əmanətlərin Sığortalanması Korporasiyasının nümayəndələri üçün “Bank rezolyusiyası” mövzusunda Bakıda təşkil edilmiş təlimdə iştirak ediblər.  

“Hyatt Regency” otelində 4 gün davam edən təlim proqramında bank rezolyusiyası metodları, onların seçilməsi və tətbiqi məsələləri, o cümlədən problemli banklara nəzarət, aktiv və öhdəliklərin qiymətləndirilməsi, ABŞ-da bank rezolyusiyası təcrübəsi geniş müzakirə edilib. ABŞ Xəzinədarlıq Departamentinin texniki dəstək ofisinin ekspertləri tərəfindən maliyyə sabitliyinin qorunması məqsədilə problemli bankların müəyyənləşdirilməsi, bank rezolyusiyası metodları və alətlərinin seçilərək tətbiqi ilə bağlı təqdimatlar nümayiş etdirilib. Bununla yanaşı, təlim iştirakçılarına rezolyusiya alətlərinin tətbiqini əhatə edən praktiki məşğələlər keçirilib. Məşğələlər zamanı iştirakçılar bir neçə komandaya bölünərək qrup şəklində bankın rezolyusiya strategiyasının formalaşdırılmasının praktiki təsvirini edərək, sözügedən sahə üzrə beynəlxalq təcrübə ilə tanış olublar.

ABŞ səfirliyinin nümayəndə heyəti tərəfindən bildirilib ki, gələcəkdə bank sektoruna dair beynəlxalq ekspertlərin iştirakı ilə təlimlərin Azərbaycanda keçirilməsi planlaşdırılır.