2018-ci ilin ilk yarımilliyi üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb

25.07.2018

30 iyun 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 27 991 mln. manat, kredit potfeli 11 712 mln. manat, cəmi öhdəlikləri isə 24 087 mln. manat təşkil edib. Sektorun balans kapitalı 3 904 mln. manat, əhalinin əmanətləri isə 8 019 mln. manat olub. 2018-ci ilin ilk yarımilliyində bank sektorunun aktivləri 0.2% (70 mln. manat), balans kapitalı isə 5.2% (195 mln. manat) artıb.

Bank sektorunda maliyyə vasitəçiliyinin artması müşahidə olunur. Belə ki, cari ilin ilk yarımilliyində kredit portfeli 3.3% və ya 375 mln. manat (iyun ayı üzrə 1.4%, 160 mln. manat), fiziki şəxslərin cəmi depozitləri 6.3% və ya 477 mln. manat (iyun ayı üzrə 2.9%, 227 mln. manat) artıb. Daha sabit maliyyələşmə mənbəyi hesab olunan əhalinin müddətli əmanətləri hesabat dövrü ərzində 9.7% və ya 505 mln. manat (iyun ayı üzrə 2.7%, 148 mln. manat) artıb.

Bank sektoru cari ilin ilk yarımilliyində 309 mln. manat əməliyyat mənfəəti generasiya edib. Bundan aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyata ayırmalar 258 mln. manat təşkil edib. Nəticədə, sektor cari ilin 6 ayında 36 mln. manat xalis mənfəət əldə edib.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2 481 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti cari ilin 6 ayı ərzində 3.5% və ya 566 nəfər (iyun ayı üzrə 0.5%, 75 nəfər) artaraq 16 737 nəfər təşkil edib.

30 iyun 2018-ci il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.

Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.azpress@fimsa.az ünvanına müraciət edə bilərlər.