“Kapital bazarları vasitəsilə maliyyələşmə, listinq və investisiyalar” mövzusunda tədbir keçirilib

06.03.2018

Azərbaycan Respublikası  Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli  Konfederasiyası və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının birgə təşkilatçılığı ilə  6 mart 2018-ci il tarixində, saat 10:00-da “Four Seasons” hotelində “Kapital bazarları vasitəsilə maliyyələşmə, listinq və investisiyalar”  mövzusunda tədbir keçirilib. 100 nəfərdən çox sahibkarın iştirak etdiyi tədbirdə qiymətli kağızlar bazarından vəsait cəlb etməyin yolları, səhm və istiqraz emissiyasının xüsusiyyətləri, eləcə də kapital bazarına aid digər məsələlər müzakirə edilib. 

Tədbiri giriş sözü ilə açan Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə  Azərbaycan kapital bazarlarının perspektivlərindən, kapital bazarlarında maliyyələşmənin yollarından və mövcud təcrübədən danışıb. Ziyad Səmədzadə çıxışında kapital bazarlarının inkişafının mövcud vəziyyəti, iqtisadiyyatın inkişaf perspektivində kollektiv investisiya mexanizmlərinin əhəmiyyəti və onun maliyyə bazarlarının inkişafının əhəmiyyətli olduğundan söz açıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraçı direktoru İbrahim Alışov bildirib ki, son illər kapital bazarlarının inkişafı istiqamətində atılmış addımlar qiymətli kağızlar bazarı vasitəsilə maliyyələşmə üzrə geniş imkanlar yaradıb. Baş icraçı direktor ölkəmizdə aparılan dərin iqtisadi islahatların tərkib hissəsi kimi kapital bazarlarının inkişaf etdirilməsi, real sektorun qiymətli kağızlar bazarı vasitəsilə maliyyələşmə təşəbbüslərinin artırılması, sərbəst vəsaitlərin iqtisadiyyatın real sektoruna cəlb edilməsi üzrə zəruri tədbirlərin yerinə yetirildiyini, habelə strateji yol xəritələri ilə yeni çağırışlara uyğun təkmilləşmə istiqamətlərinin müəyyən edilərək icrasına başlandığını bildirib. Bu istiqamətdə kapital bazarları vasitəsilə maliyyələşmənin təşviq edilməsi, listinqə çıxış imkanlarının genişləndirilməsi, təksahiblik düşüncə tərzinin dəyişdirilməsi, xarici investorların yerli bazarlara cəlb edilməsi, həmçinin bu sahədə şəffaflığın artırılmasının əhəmiyyətini vurğulayıb. İbrahim Alışov “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin maliyyə bazarlarının inkişafına dair 2-ci strateji hədəfinin icrasının təmin edilməsi məqsədilə həyata keçiriləcək tədbirlər barədə də ətraflı məlumat verərək, bunun nəticələrindən biri kimi iqtisadiyyatın mühüm sektorlarından 5 şirkətin İPO edərək fond birjasında listinqə çıxmasının hədəfləndiyini bildirdi.   

Azərbaycan Sahibkarlar Konfederasiyasının  prezidenti  Məmməd Musayev bildirib ki, ölkədə həyata kecirilən iqtisadi islahatlar Azərbaycan Sahibkarlar Konfederasiyasının  qarşısında çox böyük vəzifələr qoyur: “Azərbaycanın uğurlarına, biznes ictimaiyyəti özünəməxsus töhfələr verməyə çalışır və bu dövlət başçısının iş adamlarına etimadının bir təcəssümü olaraq mühüm vəzifə kimi qəbul edilir. Odur ki, Azərbaycan Sahibkarlar Konfederasiyası əlaqələrini günü-gündən genişləndirir. Ötən ay Konfederasiya ilə Bakı Fond Birjası arasında  imzalanan əməkdaşlıq haqqında saziş 2011-2020-ci illər üçün Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı dövlət proqramının icrası istiqamətində atılmış addımların tərkib hissəsi olan Listinq Məsləhət Proqramı çərçivəsində kapital bazarının inkişafına töhfə vermək məqsədi daşıyır” deyə Məmməd Musayev bildirib.

Qeyd olunub ki,  xarici ölkələrin bir çoxunda olduğu kimi fond bazarlarından maliyyələşmə məsələsi bizim üçün də aktual olmalıdır. Fond bazarından cəlb edilmiş vəsaitlərin daha sərfəli olması ölkəmizdə də müşahidə olunur. Bundan əlavə, Azərbaycanın intensiv iqtisadi inkişafının nəticəsi olaraq təsərrüfat subyektlərinin uzunmüddətli maliyyə vəsaitlərinə tələbi artmaqdadır. Bu baxımdan fond bazarının rolu daha da yüksəlir.

Məmməd Musayev vurğulayıb ki, maliyyə təsisatlarının və kapital bazarlarının tənzimlənməsi istiqamətində Qiymətli Kağızlar Komissiyalarının Beynəlxalq Təşkilatının təkliflərini reallaşdırmaq üçün təşəbbüslər davam etməlidir. Şəffaf və effektiv bazarların təmin edilməsi məqsədilə qiymətli kağızlar bazarına dair qanunvericilik bazası təkmilləşdirilməli, bazar iştirakçılarının hesabatlılıq sistemi inkişaf etdirilməlidir. M.Musayev şirkətləri  Listinq Məsləhət Proqramında iştiraka dəvət edərək, bildirib ki, bu proqram onlara yeni perspektivlər və imkanlar yaradacaq.

Tədbir  təqdimatlarla davam etdirilib. Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə bazarlarına nəzarət departamentinin direktoru Cavid Nəzərov “Kapital bazarları vasitəsilə maliyyələşmə”, Bakı Fond Birjasının İdarə heyətinin sədri Vüqar Namazov “Listinq Məsləhət Proqramı” , Azərbaycan Fond Bazarı  İştirakçılarının Assosiasıyasının sədri Ceyhun İbrahimov “Kapital bazarlarında investisiyalar”,  SOCAR-ın maliyyə bazarları üzrə məsləhətçisi Tolqa Kotan “Kapital bazarlarının inkişafında xarici investora ehtiyac varmı?” adlı təqdimatlarla çıxış ediblər.

Təqdimatlardan sonra şirkətlərin kapital ehtiyacı və mövcud maliyyələşmə mənbələri, Bakı Fond Birjasında listinqin üstünlükləri və Listinq Məsləhət Proqramına qoşulma,şirkətlər tərəfindən investisiya qiymətli kağızlarına investisiyalar mövzuları ətrafında müzakirələr aparılıb.