Maliyyə Bazarlarına Nəzarət Palatasında Azərbaycan Mikromaliyyə Assosiasiyası ilə görüş keçirilib

05.03.2018

Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) və Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) arasında əməkdaşlığın gələcək perspektivlərinin müzakirəsi məqsədilə görüş keçirilib. Görüşdə Palatanın Baş icraçı direktoru İbrahim Alışov və AMFA-nın İdarə Heyətinin üzvləri Süleyman Kələşov, Cəlal Əliyev və İcraçı direktoru Jalə Hacıyeva  iştirak ediblər.

Müzakirələr zamanı Azərbaycan Mikromaliyyə Assosiasiyasının cari fəaliyyəti, bank olmayan kredit təşkilatları, sektorun cari durumu və inkişaf perspektivləri, sektorda tənzimlənmə çərçivəsinin təkmilləşdirilməsi və digər məsələlərə toxunulub.

Palatanın Baş icraçı direktoru İbrahim Alışov ölkədə bank olmayan kredit təşkilatları tərəfindən əhalinin, xüsusilə regionlarda fiziki şəxslərin istehlak və kiçik sahibkarlıq subyektlərinin maliyyə xidmətlərinə əlçatanlığının təmin edilməsi istiqamətində son illər ərzində görülmüş işlər və cari vəziyyət barədə söhbət açıb.

Baş icraçı direktor ölkədə sağlam və dayanıqlı sektorun formalaşması, eləcə də əhalinin maliyyə xidmətlərinə daha rahat çıxışının təmin edilməsi, istehlakçı hüquqlarının qorunması, bank olmayan kredit təşkilatlarında korporativ idarəetmənin gücləndirilməsi və digər çağırışların operativ və effektiv həlli məqsədilə Azərbaycan Mikromaliyyə Assosiasiyasının aktivliyinin artırılmasının zəruriliyini bildirib. Bu istiqamətdə bank olmayan kredit təşkilatlarının Assosiasiya ilə daha sıx əməkdaşlıq  etməsinin vacibliyi qeyd edilib.

Görüşün sonunda sektorunun uğurlu və səmərəli inkişafı istiqamətində təkliflər dinlənilib, müvafiq tövsiyələr verilib.

Media orqanları əlavə məlumat almaq www.fimsa.azpress@fimsa.az ünvanına müraciət edə bilərlər.