Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşları Strateji Yol Xəritəsinin icrası istiqamətində növbəti təlimi Xəzər Universitetində keçirdilər

01.12.2017

“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “2.1.4. Sahiblik düşüncə tərzinin dəyişdirilməsi” tədbiri üzrə Maliyyə Bazarlarına Nəzarət Palatasının 2017-2018-ci illər üzrə təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində cari ilin 01 dekabr tarixində Xəzər Universitetinin tələbələri üçün "Kapital bazarları vasitəsilə maliyyələşmə və listinq"  mövzusunda təlim keçirildi.

Tələbələr tərəfindən böyük maraqla qarşılanan təlimdə kapital bazarının iştirakçıları və alətləri, investisiya qiymətli kağızları, kapital bazarlarında maliyyələşmə, investisiya xidmətlərinin növləri və emitentlərin Bakı Fond Birjasında listinqinə dair nəzəri və praktiki mövzuları əhatə edən təqdimat ilə çıxış edən mütəxəssislər seminarda iştirak edən tələbələrin çoxsaylı suallarını cavablandırdılar. İnteraktivlik və diskussiyalarla zəngin olan tədbirin ən aktiv iştirakçıları Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sertifikatlarla təltif edildilər.

Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.az səhifəsi və ya press@fimsa.az elektron poçt ünvanına müraciət edə bilərlər.