Banklarla kapital bazarının inkişafı istiqamətində görüş keçirildi

28.11.2017

Cari ilin 27 noyabr tarixində Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) bankların, Milli Depozit Mərkəzinin (MDM), Bakı Fond Birjasının (BFB) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndələri ilə görüş təşkil edildi.

Görüşdə bankların kapital bazarlarında birbaşa iştirak etməsi və investisiya xidmətlərini həyata keçirməsi, habelə Azərbaycan Respublikasının Mərkəzi Bankının notları ilə bağlanan əqdlər üzrə klirinq-hesablaşmaların optimallaşdırılması ilə bağlı təqdimatlar keçirildi. Qeyd olundu ki, bankların investisiya şirkətinin vasitəçiliyi olmadan qiymətli kağızlar bazarında iştirak etməsi bazarın inkişafında əhəmiyyətli rol oynaya bilər.

Daha sonra mövzu ilə bağlı iştirakçıların sualları ətrafında müzakirələr aparıldı, fikirlər dinlənildi. Qərara alındı ki, təqdim edilmiş mövzular üzrə işlər davam etdirilsin.

Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.az səhifəsi və press@fimsa.az elektron poçt ünvanına müraciət edə bilərlər.