Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşları Strateji Yol Xəritəsinin icrasi istiqamətində keçirilən tədbirlərdə iştirak ediblər

02.11.2017

Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşları  “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” sərlövhəli 5-ci Strateji hədəfinin icrası istiqamətində Mərkəzi Bank tərəfindən təşkil olunan maliyyə savadlılığı üzrə maarifləndiriçi tədbirlərdə iştirak ediblər.   

Tədbir çərçivəsində 25 oktyabr tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilmiş seminarda Palatanın Stratejı xidmətlər departamentinin aparıcı analitiki Sədrəddin Cavadzadə Azərbaycanda bankçılığın tarixi,  bankların ölkə iqtisadiyyatında rolu, sektorun balansı, maliyyə sabitliyi göstəriciləri, Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin məqsədi, istiqamətləri və digər mövzuları əhatə edən təqdimat ilə çıxış edərək, seminarda iştirak edən tələbələrin çoxsaylı suallarını cavablandırıb.

31 oktyabr Beynəlxalq Əmanət Günü ilə əlaqədar Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar  Universitetində 120 nəfərə yaxın müəllim və tələbə heyətinin iştirak etdiyi seminarda isə Palatanın Hüquq və icraat departamentinin  aparıcı mütəxəssisi Murad Məmmədov «Maliyyə Bazarlarının istehlakçı hüquqlarının qorunması»  mövzusunda təqdimatla çıxış edib. Təqdimat zamanı hüquq pozuntusu aşkar edildikdə Palata tərəfindən atılan addımlar, istehlakçıların hüquqları ilə əlaqədar qanunvericilikdə dəyişikliklər edilməsi təşəbbüsü, həmçinin Palataya mütəmadi olaraq müraciət edən vətəndaşlara göstərilən hüquqi dəstək haqqında məlumatlar  iştirakçılara təqdim olunub.  

Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.az saytı və press@fimsa.az elektron poçt ünvanına müraciət edə bilərlər.