Mərkəzləşdirilmiş Kredit Reyestri

Ümumi məlumat: Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) 2005-ci ildə yaradılmışdır. MKR-də ölkənin bank sektorunda kredit öhdəliyi olan fiziki və hüquqi şəxslərin məbləğindən asılı olmayaraq bütün kreditləri haqqında məlumatlar toplanılır.

Hüquqi bazası: MKR-ə təqdim edilən məlumatların xarakteri və təqdim edilməsi qaydaları və şərtləri “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsi və “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinə, eyni zamanda “Bankların və bank olmayan kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi” Qaydasına uyğun olaraq tənzimlənir.

Məlumatların tərkibi: MKR-də borcalanların həm aktiv, həm də tam ödənilmiş kreditləri haqqında məlumatlar saxlanılır. Məlumatların tərkibi borcalanın eyniləşdirmə məlumatları, kredit və kreditin təminatı haqqında məlumatlardan ibarətdir. Reyestrdə məlumatlar ayda bir dəfə - hər ayın ilk 4 (dörd) iş günü ərzində yenilənir. Yeni verilmiş və tam ödənilmiş kreditlər barədə məlumatlar isə 2 (iki) iş günü ərzində MKR-ə təqdim edilir.

Məsuliyyət: Məlumat təchizatçıları MKR-ə təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidirlər.

Məlumatların məxfiliyi: MKR-də borcalanlar haqqında toplanan məlumatlara Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən bank sirri rejimi tətbiq edilir.

Məlumatlardan istifadə: “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 23.3-cü maddəsinə əsasən MKR-dən məlumat istifadəçilərinə məlumatın verilməsi 01 aprel 2018-ci il tarixindən etibarən dayandırılmışdır.

Borc öhdəlikləri ilə bağlı məlumatların əldə edilməsi: 15 yanvar 2018-ci il tarixində ilk özəl kredit büro – “Azərbaycan Kredit Bürosu” MMC (AKB) yaradılmış, 06 mart 2018-ci il tarixindən etibarən AKB tərəfindən məlumat istifadəçilərinə borc öhdəlikləri ilə bağlı məlumatların verilməsinə başlanmışdır.

Bankların və bank olmayan kredit təşkilatlarının borcalanları haqqında məlumatın  Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası

Kredit büroları haqqında Azərbaycan Respublikasının Qanunu