Sığortaçılarının birləşmə yolu ilə yenidən təşkilinə razılıq

Sığortaçılarının birləşmə yolu ilə yenidən təşkilinə razılıq

1. Sığortaçı yalnız sığortaçı olan digər hüquqi şəxslə (şəxslərlə) birləşə bilər. Belə birləşmənin həyata keçirilməsi üçün maliyyə bazarlarına nəzarət orqanının razılığı tələb olunur.

2. Sığortaçıların birləşməsi nəticəsində təsis edilən yeni hüquqi şəxs açıq səhmdar cəmiyyəti formasında olmalıdır.

3. Birləşmə barədə qərar qəbul etmiş sığortaçılar müvafiq razılığın alınması üçün maliyyə bazarlarına nəzarət orqanına müraciət etməlidirlər. Maliyyə bazarlarına nəzarət orqanı göstərilən müraciət barədə elanı Azərbaycan Respublikasında nəşr olunan iki dövlət qəzetinin hər birində aralarında 30 gün müddət olmaq və dəyəri birləşən sığortaçılar tərəfindən ödənilmək şərti ilə, iki dəfə dərc etdirir.

4.3-cü bənddə nəzərdə tutulmuş birinci elanda birləşən sığortaçıların sığortalılarının, təkrarsığortalılarının və digər maraqlı tərəflərin 30 gün müddətində bu birləşməyə etiraz etmək imkanları, həmçinin bu cür etirazın maliyyə bazarlarına nəzarət orqanına bildirilməsi qaydası göstərilməlidir.

5. Sığortaçıların birləşməsi barədə müqavilə 3-cü bənddə nəzərdə tutulmuş sonuncu elanın dərc edildiyi gündən 15 gün müddətində qeyd olunan müqavilə iştirakçısı olan tərəflərin Azərbaycan Respublikası ərazisindəki baş ofisində istənilən bütün şəxslər üçün adi iş vaxtlarında açıq olmalıdır.

6.Sığortaçıların birləşməsinə razılıq verilməsi üçün tələb olunan məlumatların, materialların və digər sənədlərin siyahısını maliyyə bazarlarına nəzarət orqanı müəyyən edir.

7. Birləşmə nəticəsində sığortaçı kimi yenidən təşkil edilən açıq səhmdar cəmiyyəti bu Qanunun lisenziyalaşdırma ilə bağlı tələblərinə uyğun olmadıqda maliyyə bazarlarına nəzarət orqanı birləşməyə razılıq vermir.