AZ EN

AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASI

Maliyyə savadlılığı

Maliyyə savadlılığı dedikdə, malliyyə bazarlarının fəaliyyəti və tənzimlənməsi, maliyyə bazarları iştirakçıları və onların təklif etdiyi maliyyə alətləri, məhsul və xidmətləri barədə biliklər məcmusu, həmçinin maliyyə bazarları iştirakçılarının məhsul və xidmətlərindən istifadə etmə və bununla bağlı verilən qərarların məsuliyyətini qəbuletmə bacarığı başa düşülür. Başqa sözlə desək, maliyyə savadlılığı – maliyyə bazarlarında olan mövcud vəziyyəti düzgün qiymətləndirmək və adekvat qərarlar qəbul etmək üçün zəruri biliklərin olmasıdır. Əsas maliyyə anlayışlarını bilmək və onlardan təcrübədə istifadə etmək bacarığı insanların öz rifahını yaxşılaşdırmağa imkan yaradır. Yəni öz gəlir və xərclərinin uçotunu aparmaq, izafi borclanmadan qaçmaq, şəxsi büdcəni planlaşdırmaq və pul ehtiyatı toplamaq üçün maliyyə savadlılığının səviyyəsinin zəruri həddə olması çox vacibdir. Qeyd etmək lazımdır ki, əhalinin maliyyə savadlılığının səviyyəsi ölkənin iqtisadi inkişafından birbaşa asılıdır. Bu biliklərin aşağı səviyyədə olması təkcə maliyyə bazarlarının istehlakçıları üçün deyil, həmçinin ölkə, özəl sektor və ümumilikdə cəmiyyət üçün neqativ nəticələrə gətirib çıxarır. Belə ki, Palata tərəfindən vətəndaşların müraciət və şikayətləri araşdırılarkən gəlinən nəticə, mövcud problemlərin əsas hissəsinin məhz vətəndaşların maliyyə savadlılığının zəruri səviyyədə olmamasından qaynaqlandığını deməyə əsas verir. Maliyyə bazarları sahəsində biliklərinin olması vətəndaşlara hüquq və vəzifələrini bilməklə yanaşı maliyyə bazarı iştirakçıları arasında düzgün və sərfəli seçim etməkdə yardım edir. Maliyyə bazarlarının və alətlərinin təbliği, maliyyə bazarları sahəsində əhalinin maarifləndirilməsi Palatanın qarşısında duran əsas vəzifələrdən biridir. Bu səbəbdən maliyyə savadlılığının artırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində, tezliklə Palatanın rəsmi internet səhifəsində maliyyə bazarlarının istehlakçıları üçün faydalı məlumatlar, maarifləndirici materiallar, lüğətlər və kalkulyatorların yerləşdirilməsi, həmçinin “sual-cavab” bölməsinin işə salınması nəzərdə tutulur.

Sığorta Lüğəti