AZ EN

AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASI

İstehlakçıların və investorların müdafiəsi

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 mart tarixli 828 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 3.2.6.-ci bəndinə əsasən,  onun mühüm vəzifələrindən biri maliyyə bazarlarında istehlakçıların və investorların hüquqlarını müdafiə etməkdir. Bununla əlaqədar, Palata istehlakçıların və investorların hüquqlarının müdafiəsi sahəsində aşağıdakı hüquq və vəzifələri həyata keçirir:

- maliyyə bazarlarında investorların və istehlakçıların hüquqlarının  müdafiəsini, onların pozulmuş hüquqlarının bərpa olunmasını təmin etmək məqsədilə Palatanın nəzarət etdiyi subyektlərdən və emitentlərdən sənədlər və məlumatlar alır, onların təhlilini aparır;

- qanunvericiliyi pozan şəxsləri inzibati məsuliyyətə cəlb edir;

- səhmdar cəmiyyətlərində korporativ idarəetmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq tədbirləri həyata keçirir;

- emitentlərdən hesabatları qəbul edir, onları təhlil edir və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görür;

- investorlardan və maliyyə bazarlarının istehlakçılarından Palataya daxil olmuş ərizə və şikayətlərə baxır, onları təhlil edir və qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırmalar aparmaqla müvafiq tədbirlər görür;

- investorların və maliyyə bazarının istehlakçılarının maarifləndirməsi üzrə müvafiq tədbirlər həyata keçirir;

- investorların və maliyyə bazarlarınında istehlakçıların  hüquqlarının pozulması ilə bağlı məhkəmə instansiyalarında  iştirak edir;

- maliyyə bazarlarında istehlakçıların və investorların hüquqlarının müdafiəsi sahəsində qanun pozuntularının qarşısının alınması, onların  pozulmuş hüquqlarının bərpa olunması məqsədi ilə icrası məcburi olan göstərişlər verir.

 

Palata maliyyə bazarlarının istehlakçılarının və investorların hüquqlarını necə qoruyur?


Palatanın əsas vəzifələrindən biri maliyyə bazarlarında istehlakçıların və investorların hüquqlarının müdafiəsini və onların pozulmasının qarşısının alınmasını təmin etməkdir. Bunun  üçün Palata hüquqi və fiziki şəxslərdən daxil olan maliyyə bazarlarında istehlakçıların və investorların hüquqlarının pozulması ilə bağlı müraciətlər üzrə araşdırmalar aparır və hüquq pozuntularına qarşı tədbirlər görür. Palata tərəfindən həmin şəxslərdən daxil olmuş qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və səhmdar cəmiyyətlərində korporativ idarəetmə sahələrinə aid müraciətlərə baxılır.

Daxil olan müraciətlər üzrə Palatanın Hüquq və icraat departamentinin İstehlakçıların və investorların hüquqlarının müdafiəsi idarəsi tərəfindən araşdırmalar aparılır. Araşdırma aparılması məqsədilə Palata tərəfindən şikayət edilmiş müvafiq subyektlərdən zəruri sənədlər və məlumatlar alınır.

Aparılmış araşdırmalar nəticəsində istehlakçının yaxud investorun hüquqlarının pozulması aşkar edildikdə, Palata tərəfindən hüququ pozan maliyyə subyektinə qarşı aşağıdakı təsir tədbirləri tətbiq edilir:

- İcrası məcburi göstəriş vermək, digər təsir, həmçinin təshih tədbirləri tətbiq etmək;

- Sansksiyalar, həmçinin inzibati tənbeh (xəbərdarlıq və cərimə) tətbiq etmək.

Bundan başqa, Palata tərəfindən istehlakçıların və investorların maarifləndirilməsi istiqamətində də fəaliyyət həyata keçirilir. Belə ki, Palataya mütəmadi olaraq müraciət edən vətəndaşlarla görüş keçirilərək, onların müraciətləri dinlənilməklə yanaşı, onlara hüquq və vəzifələri izah olunur.

İstehlakçıların və investorların müraciətləri araşdırılarkən, mövcud qanunvericilikdə onların hüquqlarının pozulması ilə nəticələnən hər hansı boşluqlar və ziddiyyətlər aşkar olunduqda, bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi barədə təkliflər hazırlanır.

 

Palata hansı məsələləri tənzimləmir?


Maliyyə sahəsinə aid olan aşağıdakı məsələlərin tənzimlənməsi Palatanın səlahiyyətlərinə daxil deyil:

- Lizinq şirkətləri ilə bağlı məsələlər;

- Lombardlarla bağlı məsələlər (Çirkli pulların yuyulması ilə əlaqəli məsələlər istisna təşkil edir, bu məsələlər Palata tərəfindən tənzimlənir);

- Pul və valyuta siyasəti ilə bağlı məsələlərə (Banklar və poçt rabitəsinin milli operatoru tərəfindən xarici valyuta ilə mübadilə əməliyyatları zamanı AR Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş məzənnə hədlərinə riayət edilməsi istisna təşkil edir, belə ki, həmin məzənnə hədlərinə riayət edilməsinə Palata tərəfindən nəzarət edilir);

- Nağd pul dövriyyəsi, habelə pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması ilə bağlı məsələlərə;

- Manatın rəsmi məzənnəsinin müəyyən edilməsi ilə bağlı məsələlərə.

 

Palata hansı məsələlər üzrə tövsiyə vermir:


Palata aşağıdakı məsələlərlə bağlı istehlakçılara və investorlara hər hansı məlumat yaxud tövsiyə vermir:

- Əmanət yerləşdirilməsi üçün hansı bankların daha etibarlı olması;

- Kreditlər üzrə ən əlverişli şərtlərin (aşağı faiz dərəcəsi və s.) hansı banklar tərəfindən təklif olunması;

- Hansı banklar tərəfindən əmanətlər üzrə yüksək faizlərin ödənilməsi;

- Qiymətli kağızlarla və törəmə maliyyə alətləri ilə ticarətə dair investisiya məsləhətləri;

- Könüllü sığorta növü üzrə hansı sığorta şirkətlərinin daha münasib qiymətə sığortalaması barədə məlumatlar;

- Hansı sığorta şirkətləri tərəfindən sığorta müqaviləsi üzrə ən əlverişli şərtlərin təklif edilməsi barədə.

 

Palata hansı məlumatları təqdim etmir:


- Vətəndaşların banklarda olan əmanətləri barədə məlumatlar (ölən şəxsin vərəsələri onun əmanətləri barədə məlumatı vərəsəlik işinin açıldığı notariusun sorğusu vasitəsilə ala bilərlər);

- Banklarda tətbiq edilən faiz dərəcələri və komisyon haqları barədə məlumatlar;

- Sığorta şirkətləri tərəfindən tətbiq olunan sığorta haqları barədə məlumatlar;

- Vətəndaşların hansı səhmdar cəmiyyətlərində səhmlərinin olması barədə məlumatlar.