AZ EN

AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASI

Press relizlər

04 noyabr 2016, 17:08

Azərbaycan Hökuməti və Dünya Bankı Kapital Bazarlarının Müasirləşdirilməsi Layihəsinin icrasını yekunlaşdırmışdır



 

MƏTBUAT ÜÇÜN MƏLUMAT 

 

Azərbaycan Hökuməti və Dünya Bankı Kapital Bazarlarının
Müasirləşdirilməsi Layihəsinin icrasını yekunlaşdırmışdır
 

Bakı, 4 noyabr 2016-cı il. Bu gün Dünya Bankı və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Dünya Bankı və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən dəstəklənən Kapital Bazarlarının Müasirləşdirilməsi Layihəsinin (KBML) nəticələrini müzakirə etmək məqsədilə yekun konfrans təşkil etmişdir. Konfransda Azərbaycan hökuməti, Dünya Bankı, beynəlxalq inkişaf təşkilatları, özəl biznes icması, vətəndaş cəmiyyəti və mətbuat nümayəndələri iştirak etmişdir. İştirakçılar kapital bazarlarının müasirləşdirilməsi sahəsində Azərbaycanın keçdiyi yola nəzər salmış və maliyyə bazarlarının gücləndirilməsi və ölkədə özəl sektorun inkişafı və iqtisadi şaxələndirmənin maliyyələşdirilməsi üçün kapital bazarlarının mühüm maliyyə mənbəyinə çevrilməsi üçün gələcək çağırışlar və görülə biləcək tədbirləri müzakirə etmişdir. 

MBNP-nin Direktorlar Şurasının Sədri cənab Rüfət Aslanlı bildirmişdir, “KBML Azərbaycanın kapital bazarlarının müasirləşdirilməsinə təşkilati və əməliyyat dəstəyi təmin etmişdir. Bu layihə Azərbaycanın qiymətli kağızlar bazarının inkişafına dair dövlət proqramının icrasını dəstəkləmiş, ən müasir hüquqi və əməliyyat infrastrukturunun yaradılmasına və bazarın potensialının gücləndirilməsinə mühüm töhfə vermişdir”.

Dünya Bankının maliyyə sektoru və bazarlar üzrə praktika meneceri Rolf Berhnd demişdir, “Kiçik və orta müəssisələrin maliyyə resurslarına çıxışının yaxşılaşdırılması və xarici birbaşa investisiyaların artımı Azərbaycanda qeyri-neft sektorunun inkişafı və müasirləşmə üçün çox vacibdir. Kapital bazarı yerli və xarici investisiyaların səfərbər olunması üçün əsas alətlərdən biridir, amma o cəmləşdirilmiş səyləri və düzgün zamanda keçirilən kompleks islahatları tələb edir”.

“KBML maliyyə sektorunun şaxələndirilməsi üçün tələb olunan islahatlar paketini və qeyri-neft sektorunda fəaliyyət göstərən Azərbaycan şirkətləri üçün alternativ maliyyə mexanizmlərinə asan çıxışı dəstəkləmişdir. Biz inanırıq ki, layihənin təsirləri transformasiya xarakterli və uzun müddətli olacaq”, Dünya Bankının maliyyə sektoru üzrə baş mütəxəssisi və layihə qrupunun rəhbəri Anjela Priqojina belə deyib. 
  
KBML 17 mart 2011-ci ildə Dünya Bankının ayırdığı 12 milyon ABŞ dolları məbləğində kredit və SECO trast fondunun 1,6 milyon ABŞ dolları həcmində əlavə qrantı ilə təsdiqlənmişdir. Layihə 1 iyul 2016-cı ildə başa çatmışdır. Layihə kapital bazarları üzrə hüquqi və tənzimləyici bazanın təkmilləşdirilməsi, qiymətli kağızların ticarəti, klirinqi, hesablaşmalar və nəzarət üzrə müasir kapital bazarı infrastrukturunun formalaşdırılması,  kapital bazarlarında mövcud olan imkanlarla bağlı şəffaflığın artırılması, bazar iştirakçıları, emitentlər və potensial investorların  bu imkanlara çıxışının və onlarla bağlı məlumatlılığının artırılması, bazarda sağlam davranış qaydaları və investorların müdafiəsi praktikalarının tətbiqi məqsədilə maliyyə sektorunda tənzimləyici qurumun potensialının artırılması məqsədi daşıyan dörd komponent vasitəsilə kapital bazarlarının islahatı proqramını dəstəkləmişdir. 

Layihənin nəzərəçarpan nəticələri sırasında Qiymətli Kağızlar haqqında Qanunun 2015-ci ilin iyul ayında qəbulu, ən yaxşı beynəlxalq praktikaya uyğun olaraq yeni tənzimləyici normativ aktların tətbiqi, investorlar, bazar iştirakçıları, Bakı Fond Birjası və Milli Depozit Mərkəzini vahid ticarət və post-ticarət sistemində birləşdirən və transaksiya üçün tələb olunan vaxt və xərcləri əhəmiyyətli şəkildə azaldan Mərkəzləşdirilmiş Ticarət Sisteminin (CETA) yaradılmasını qeyd etmək olar.  Layihə, həmçinin Bakı Fond Birjasında listinq tələblərinin optimallaşdırılmasına və Listinq Məsləhət Proqramı (LMP) çərçivəsində yerli kapital bazarından yarım milyard manatdan artıq vəsaiti əldə etmək üçün 16 yerli şirkətin potensialının gücləndirilməsinə yardım etmişdir.  
               

Dünya Bankı Qrupunun Azərbaycandakı fəaliyyəti haqqında daha çox öyrənmək üçün bu səhifəyə baş vurun:
http://www.worldbank.org/en/country/azerbaijan
MBNP haqqında daha çox öyrənmək üçün bu səhifəyə baş vurun:
www.fimsa.az

Digər press relizlər »